Premyer Liqada çempionluq uğrunda mübarizə aparan “Neftçi” transfer çalışmalarını da davam etdirir.

Bakılılar iki əcnəbi futbolçunun transferi üçün hərəkətə gəlib. Onlardan biri “Dənizlispor”un hücumçusu Veton Tuşadır. Cəmi 18 yaşı olan kosovolu futbolçu “Dənizlispor”la müqavilə müddəti 2024-cü ilin yayına qədər olduğundan, “Neftçi” onu icarəyə götürmək variantını nəzərdən keçirir. Kosovonun aşağı yaş qrupu üzrə yığmalarında çıxış edən “Vardar”ın yetirməsinin Şimali Makedoniya vətəndaşlığı da var. “Ağ-qaralar”ın diqqətini çəkən digər futbolçu Argentinanın Sarandi “Arsenal”ında çıxış edən mərkəz müdafiəçisi Qaston Susodur. Hazırda “Arsenal”da icarə əsasında oynayan 30 yaşlı oyunçu “Platense”yə məxsusdur. Onun elita təmsilçisi ilə müqavilə müddəti ilin sonuna qədər olduğundan, “Neftçi”yə transferi problemsiz baş tuta bilər. Qeyd edək ki, Qaston Suso karyerası ərzində yalnız vətəni Argentinada çıxış edib. Veton Tuşa isə bu ilin əvvəlindən “Dənizlispor”un əsas komandasında Super Liqada 11 oyun keçirib, 2 qola imza atıb.